Slovakiya sanksiyaları dəstəkləməyə hazırdır, amma... | VİDEO

Slovakiya sanksiyaları dəstəkləməyə hazırdır, amma...    | VİDEO
  24 İyun 2025    Oxunub:623
Bratislava Rusiyaya qarşı 18-ci sanksiyalar paketini dəstəkləməyə hazırdır, lakin enerji təchizatının dayandırılmasının nəticələrini yumşaltmaq üçün Avropa İttifaqından (Aİ) zəmanət və dəstək tələb edir.
AzVision.az xəbər verir ki, “Euractiv” portalının yazdığına görə, Slovakiyanın Xarici İşlər naziri Yuray Blanar belə deyib.

“Danışıqlar hələ davam edir. Amma indiyədək müzakirə olunanlara əsasən, paketin Slovakiya iqtisadiyyatına mənfi təsir göstərməyəcəyi aydındır və biz onu dəstəkləməyə hazırıq”, - Blanar vurğulayıb.

Eyni zamanda, o, Rusiyanın enerji təchizatının dayandırılmasının nəticələrini yumşaltmaq üçün Slovakiyanın Aİ-dən “zəmanətlər” və dəstək tələb edəcəyini diqqətə çatdırıb.

“Həmçinin Slovakiya Respublikasına təsir edəcək arbitraj riskləri var – ola bilsin ki, bu, 20 milyard avro təşkil etsin. Ona görə də, biz bu mənfi nəticələrin necə aradan qaldırılacağına dair zəmanət tələb edirik”, - Slovakiya diplomatiyasının rəhbəri bildirib.

İyunun 23-də Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto Macarıstan və Slovakiyanın Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbuluna mane olduğunu açıqlayıb. Slovakiyanın baş naziri Robert Fitso bundan əvvəl Rusiyadan neft, qaz və nüvə yanacağı tədarükünü tamamilə dayandırdıqdan sonra Slovakiyanın düşə biləcəyi “böhran vəziyyətinin real həllinə” çağırmışdı.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Slovakiya   Rusiya   sanksiyalar  



Xəbər lenti